Türk şairəsi Yelda Karataşla müsahibə


1Türk şairəsi, ssenaristi Yelda Karataş 14 yanvar 1954-cü ildə Türkiyənin Zonquldak əyalətində dünyaya göz açıb. Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. “Ürpərmə” adlı ilk şeir kitabı 1996-cı ildə Orhan Murad Arıburnu mükafatına, ikinci kitabı “Alacaydınlıq” Dünya Qlobus şeir mükafatına layiq görülüb. “Ənəl eşq”, “Bir qadının qələmindən Şəms ilə Mövlanə”,  “Zəfəran çiçəyi” kimi şeir və hekayə kitabları işıq üzü görmüşdür. Sezen Aksunun “Deli kızın öyküsü”, “İşık doğudan yükselir” albomlarındakı mahnıların bir çoxunun mətnlərinin müəllifidir.

– Məşhur İran şairəsi Füruğ Fərruxzad şeirlərindən birində “Evimə gəlsən əgər sevgilim, mənə bir lampa gətir və balaca bir pəncərə, oradan xoşbəxt küçənin qələbəliyini seyr edim” söyləyir. Mühafizəkar atanın, ərin, cəmiyyətin basqıları altında yaşayıb-yaradan qadının daxili azadlığından doğulurdu bu misralar. Şeirlərinizi oxuduqda sizin də daxilinizdəki azadlıq hayqırtılarının misralara hopduğunu duydum. Deyə bilərsinizmi, bu şairin, qadının, yoxsa sadəcə, insanın azadlığıdır? 

– Böyük şair, böyük ürək sahibi olan Füruğ Fərruxzad şeir yazaraq var olduğunu dövrünün insanlarına çatdıra bilmədi. Onun hayqırtısı hələ də davam edir, əks-sədası dünyanın hər yerində yazan, özünü, var olduğunu bəyan etməyə çalışan bütün insanların, əsasən də qadınların qəlbindən gəlir. Mən Füruğun şeirləri ilə məktəb illərindən tanışam və qadınların əxlaq, adət və mədəniyyət adı ilə necə ayrı-seçkiliyə məruz qaldığını onun böyük nəfəsi ilə dinləmişəm. Şeirləri axar su kimidir. İnsanlığı böyük dənizlərə qovuşmağa çağırır sanki. Qadın və şair olaraq özünü toplumdan ayırmır. Mən də ayırmıram. Üsyankardır, çünki mübariz ruhlu əksər qadınlar kimi dövrünün hadisələrində ön sıralarda addımlayır – Hipatia (İskəndəriyyəli Hipatia – 370-415. Riyaziyyatçı, astronom və filosof olmuşdur – X.N.), Lyuksemburq (Roza Lyuksemburq – 1871-1919. Siyasətçi, filosof, inqilabçı – X.N.), Kamilla Klaudel (1864-1943. Fransız heykəltəraşı, şair və diplomat – X.N.)… yəni bütün azadlıq carçıları olan qadınlar kimi ən yaxınları tərəfindən belə yalnızlığa məhkum edilib. Oxumağa davam et